Novator.az-ın məlumatına görə, rəsmi statistikaya əsaslanan Bakı Araşdırmalar İnstitutu bildirir ki, 1990-2021-ci illərdə Azərbaycan əhalisinin sayı 40,1 faiz artdığı halda uşaqların (18 yaşadək şəxslərin) sayı 6,1 faiz azalıb.
Hesabata əsasən, 1990-cı ildə əhalinin sayı 7,2 milyon nəfər olub, 2021-ci ildə 10,2 milyona çatıb, eyni dövrdə uşaqların sayı 2,8 milyon nəfərdən 2,6 milyona, uşaqların ümumi əhalidə payı 38,5 faizdən 25,7 faizə düşüb.
1990-cı ildə Azərbaycan Sovet İttifaqının tərkibində olub. 1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.
Bakı Araşdırmalar İnstitutu qeyd edir ki, 2021-ci ildə əyani ümumtəhsil məktəblərinin 1-ci sinfində oxuyanların sayı 1990-cı illə müqayisədə 1 faiz çox olub, tam orta məktəbi bitirənlərin sayında isə 13,4 faiz azalma rəsmiləşib.
Məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı 30,7 faiz, uşaq teatrına il ərzində gələn tamaşaçıların sayı 89,5 azalıb.
2021-ci ildə uşaq poliklinikaları, ambulatoriyaları və uşaq şöbəsi olan tibb müəssisələrinin sayında 1995-ci ilə nəzərən 64,5 faiz, uşaq kitabxanalarının sayında 24,1 faiz düşmə qeydə alınıb.