Prezident İlham Əliyev mayın 5-də birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə Xocavənd və Füzuli rayonlarına səfər edib.
AZƏRTAC bildirir ki, Xocavəndin Tuğ kəndində İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməli qoyulub. İlham Əliyev və Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin bərpa layihəsi ilə tanış olublar, ilk yaşayış məhəlləsinin və İnzibati Mərkəzin təməl mərasimlərində iştirak ediblər. Ardınca Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 kilometrlik hissəsi, Hadrut “Qovşaq” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi açılıb.
İlham Əliyev və Mehriban Əliyeva həmçinin Füzuli rayonunun Pirəhmədli kəndinin təməl mərasiminə qatılıblar, Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsi açılıb, Dədəli kəndinin təməli qoyulub.
Füzuli yaşayış kompleksində aparılan inşaat işləri ilə tanış olan İlham Əliyev və Mehriban Əliyeva şəhərin daxili yol-küçə şəbəkəsinin təməl mərasimində iştirak ediblər.
Prezidentə və birinci vitse-prezidentə Qazaxıstanın Füzuli şəhərində uşaqlar üçün inşa etdiyi Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikintisi barədə məlumat verilib.
“Azərişıq” ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı olub.
Dövlət başçısı və birinci vitse-prezident Özbəkistanın hədiyyəsi olaraq Füzulidə tikilən məktəb binasında tikinti işlərinin gedişi ilə də maraqlanıblar.
Sonra Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub.