Aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı arzuolunmaz şəxs elan edilmiş, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunmuşdu.
Xarici İşlər Nazirliyinin mayın 5-də yaydığı məlumata görə, İran Azərbaycanın 6 aprel addımından bir neçə gün sonra Tehrandakı səfirlikdən hələ yanvar ayında təxliyə olunmuş 2 əməkdaşı və Təbrizdəki baş konsulluğun 2 əməkdaşını arzuolunmaz şəxs elan edib.
Azərbaycan-İran münasibətləri 2023-cü ildə hədsiz pisləşib. Yanvarın 27-də Tehrandakı Azərbaycan səfirliyinə terror hücumu olub, mühafizə xidmətinin rəisi Orxan Əsgərov öldürülüb, xidmətin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov yaralanıblar.
Orxan Əsgərovun cənazəsi, yaralılar, səfirliyin əməkdaşları və onların ailə üzvləri yanvarın 29-da Bakıya gətirilib, şəhid yanvarın 30-u Bakıda dəfn edilib.