Azərbaycan dövləti jurnalist Sərdar Əlibəyliyə 4000 avro təzminat ödəməlidir: bu tələb Avropa İnsan Hüquqları Məhkəməsinin fevralın 2-də elan etdiyi qərarda qoyulur.
Aihmaz.org bildirir ki, Sərdar Əlibəyli cinayət məsuliyyətinə alınaraq həbs edilməsindən şikayətçi olub. Bakının Nizami Rayon Məhkəməsi 22 iyul 2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildə ləğv edilib) iddiasını əsas götürərək jurnalisti təhqirdə təqsirli bilib, ona üç ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Yuxarı məhkəmələr həmin hökmü dəyişdirməyib.
Avropa Məhkəməsi Sərdar Əlibəyliyə yazılarına görə cinayət cəzası verilməsini onun Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan ifadə azadlığı hüququna müdaxilə sayıb. Qərara əsasən, Azərbaycan dövləti ərizəçiyə mənəvi zərərə görə 2500, xərc və məsrəflərə görə 1500 avro təzminat ödəməlidir.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur.
Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.