AXCP fəalı Orxan Baxışlı fevralın 2-si səhər Bakıda tutulub. “Turan”ın məlumatına görə, Xətai Rayon Məhkəməsi ona polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası kəsib.
Novator.az bildirir ki, Orxan Baxışlı 2018-2021-ci illərdə həbsdə yatıb. O, 2018-ci il mayın 6-da tutulub. Hüquq mühafizə orqanları cəbhəçinin üstündən 6 qram heroin çıxdığını bəyan edib.
Həbsindən əvvəl – mayın 3-də cəbhəçi 2005-ci ildə öldürülən jurnalist Elmar Hüseynovun qətlində hakimiyyəti günahlandırıb. Müdafiəçiləri Orxan Baxışlının həbsini bununla və ümumilikdə siyasi fəaliyyəti ilə bağlayıblar.
2018-ci il sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi Orxan Baxışlını satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlamada təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib. 2019-cu il iyunun 4-də Ali Məhkəmə ittihamı satış məqsədi olmadan narkotik maddənin qanunsuz əldə edilməsi, saxlanması, daşınması ilə əvəz edib və Orxan Baxışlının cəzası 3 illik həbsə endirilib.
2021-ci il martın 18-də prezident cəbhəçini əfv edib.