AXCP sədri Əli Kərimli inzibati həbs cəzası çəkən partiya fəalı Elnur Həsənovdan yazıb.
Yanvarın 29-da Sabunçu Elektrik Şəbəkəsinin Bakıxanov qəsəbəsindəki ofisinə gedən Elnur Həsənov 85 yaşlı nənəsinin evində elektrik enerjisinin yanvarın 26-dan cüzi borca görə kəsilməsinə etiraz edib. Məsələ həllini tapmadığı üçün Elnur Həsənov yanvarın 31-də “Azərişıq” ASC-nin Yasamal rayonundakı baş ofisinə gedib, orada tutularaq Yasamal Rayon Məhkəməsinə aparılıb və polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb.
Novator.az-ın məlumatına görə, Əli Kərimli yazır ki, Elnur Həsənov İkinci Qarabağ müharibəsinin şəhidi Teymur Həsənovun qardaşıdır, şərlənərək həbs edilib: “Ötən həftə Birinci Qarabağ müharibəsinin şəhidi Yavər Səfərovun oğlu, AXCP fəalı Rövşən Səfərov şərlənib 30 sutka inzibati həbs cəzası alıb (Həbslərə etiraz). Hakimiyyətin şəhid ailələrinə gerçək münasibəti məhz budur. Hələlik daha çox cəbhəçilərə “minnətdarlıq” nümayiş etdirirlər, ancaq cəmiyyətin belə hallara susqun münasibəti davam etdikcə sıra digər şəhid ailələrinə də çata bilər.
Bu həmin hakimiyyətdir ki, Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə 11 min manat sığorta pulunu 20 ildən artıq bir müddətdə verməmişdi, etiraz aksiyasına çıxan şəhid analarını yerlə sürütdürmüşdü. İkinci Qarabağ savaşı tarixə çevrildikcə və cəmiyyətin susqunluğu davam etdikcə rejimin şəhid ailələri və qazilərə münasibətinin Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə münasibətindən fərqlənməyəcəyi şübhə doğurmur. Susmayaq, etiraz edək!”