Rusiya prezidenti Vladimir Putin dekabrın 12-də dövlət başçısı İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, telefon söhbətində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il razılaşmalarının reallaşdırılmasının praktiki aspektləri, Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.
Vladimir Putinin zənginin Laçın yolunun qapadılması ilə bağlı olduğu ehtimalı var.
Dekabrın 12-də qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqu Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığındakı hissəsini bağlayaraq aksiya keçirir. Onlar Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etiraz bildirir.
AZƏRTAC xəbər verir ki, ekoloji fəallar çadırlar qurub və onları təbii ehtiyatların qanunsuz istismarının və talan edilməsinin fəallaşması, o cümlədən ekoloji nəticələrin pisləşməsi müşahidə edilən Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxmaq tələbi qoyub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları dekabrın 3-də Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi Azərbaycan ərazilərinə keçib, sülhməramlı qüvvələrin Xocalıdakı qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələr aparıb. Müzakirələrdə sülhməramlıların yerləşdiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarı məsələsi qaldırılıb.
Dekabrın 7-də İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri yenidən Xocalıya gedərək Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb. Görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri nəzərdən keçirilib.
Dekabrın 10-da ermənilər Azərbaycan nümayəndələrinin keçmiş Ağdərə rayonu ərazisindəki həmin yataqlara baş çəkməsini əngəlləyib. Xarici İşlər Nazirliyinin Rusiyaya 11 dekabr notasında Azərbaycan nümayəndələrinin yataqlara maneəsiz girişini təmin etməyə çağırış əks olunub.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.