2023-cü ilin dövlət büdcəsi layihəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 12 milyon 306 min manat ayırmaq proqnozlaşdırılır. Həmin vəsait 8 rayon arasında bölünəcək: Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Lerik, Yardımlı, Zəngilan. Qalan şəhər və rayonlara dotasiya ayırmaq nəzərdə tutulmur.
Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, rəsmi təbliğat büdcə layihəsindəki bu məqamı özünü maliyyələşdirən bölgələrin sayının artması kimi qələmə verir: “Yanlış yanaşmadır. Bağçaların rayon və şəhər icra hakimiyyətlərindən alınması ilə məktəbəqədər təhsil xərcləri də “yerli xərc” statusunu itirib. Hökumətin istifadə elədiyi metodologiyada ərazisində toplanan yerli vergilərin icra hakimiyyəti aparatının saxlanması və kommunal xidmət müəssisələrinin maliyyələşməsi üçün yetərli olduğu bölgələr maliyyə cəhətdən müstəqil sayılır. Halbuki son 5-6 ilə qədər orta təhsil, yerli səhiyyə infrastrukturu, mədəniyyət sahəsi, yerli yollar üzrə xərclər də yerli xərclər hesab edilirdi və rayonların maliyyə müstəqilliyi bu xərclərin cəmi ilə gəlirlər arasında fərqə əsasən müəyyən olunurdu. Bölgələrdə təhsil və səhiyyə sisteminin, mədəniyyət və incəsənət sahəsinin, sosial müdafiə, kənd təsərrüfatı və meliorasiya sisteminin, yol infrastrukturunun saxlanmasına büdcə ayırmaları mərkəzi xərc hesab edildiyi üçün onların maliyyə müstəqilliyində bu xərclər nəzərə alınmır”.