Siyasətçi Tofiq Yaqublu atasının dəfnində iştirak edə bilməyib. Noyabrın 2-də Novator.az-a danışan siyasətçi deyib ki, atası oktyabrın 30-u Bakıda vəfat edib, cənazə həmin axşam Gürcüstana yola salınıb: “Vəkilim Aqil Layic dəfndə iştirakıma icazə verilməsi üçün dövlət qurumlarına müraciət etsə də, heç bir reaksiya olmadı. Noyabrın 1-də atam dəfn edildi”.
Siyasətçinin ata yurdu Gürcüstana səfərinə ötən ildən icazə verilmir. 2021-ci il iyulun 11-də Tofiq Yaqublunun anası vəfat edib. O zaman ev dustağı olan siyasətçi dəfnə, yasa getməyə razılıq ala bilməyib. Suraxanı Rayon Məhkəməsinə üz tutan Tofiq Yaqublunun müraciəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb.
Hazırda şərti məhkumluq çəkən Tofiq Yaqublu 2022-ci ilin iyun ayında üzərində nəzarətə məsul Bakı Şəhər Probasiya İdarəsinə müraciət edərək anasının ilində iştiraka, məzarını ziyarət eləməyə razılıq istəyib, ancaq yenə yox cavabı alıb.
1961-ci ildə Gürcüstanın Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranı, Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub.
Siyasətçi bəraət istəyi ilə Ali Məhkəməyə şikayət edib. Şikayətə noyabrın 1-də baxılmalı idi, ancaq proses vəkil Elçin Sadıqovun müraciəti əsasında təxirə salınıb.