Prezident İlham Əliyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nizamnaməsini təsdiqləyib.
Agentlik dövlət başçısının 11 oktyabr 2021-ci il fərmanı ilə yaradılıb.
Qurumun nizamnamə fondunun məbləği 5 milyon 642 min 390 manat göstərilir.
Novator.az bildirir ki, 2022-ci il sentyabrın 8-də rəsmiləşən nizamnaməyə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtomobil nəqliyyatı sahəsində tənzimləməni, avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycanın normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir.
Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin tərkibi rəqəmsal inkişaf və nəqliyyat nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və onun 3 müavinindən ibarətdir.