Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Devid MakAlisterin başçılığı ilə Azərbaycana səfər etmiş nümayəndə heyəti iyulun 19-u Bakıda müxalifət təmsilçiləri və vətəndaş cəmiyyəti fəalları ilə bir araya gəlib. Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində yazır ki, görüşdə Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, Azərbaycandakı ictimai-siyasi vəziyyət, siyasi məhbus, polis zorakılığı, insan hüquq və azadlıqlarının kütləvi pozulması, seçkilərin saxtalaşdırılması kimi məsələlər müzakirə olunub: “Qonaqların diqqətini sosial şəbəkə fəallarının bir narahatçılığına da cəlb etdim. Bildirdim ki, Rusiya qazından imtina edən Avropa İttifaqının təbii qaza ehtiyacının artmasını başa düşürük: “Azərbaycanın Avropa İttifaqına daha artıq qaz satmasını, bu məqsədlə imzalanan sənədi dəstəkləyirik. Bu, Avropa ilə yanaşı bizim ölkənin də maraqlarına uyğundur. Ancaq bizim cəmiyyətdə bir narahatçılıq var ki, Avropa İttifaqı ilə artan enerji əməkdaşlığı Azərbaycanda insan hüquqları və fundamental azadlıqların təmin edilməsinə diqqətin azalmasına səbəb ola bilər. Belə olmamalıdır”.
Avropalı rəsmilər bizi əmin etdilər ki, Azərbaycanla enerji sahəsində əməkdaşlığın artması insan hüquq və azadlıqlarına olan diqqəti azaltmayacaq, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin razılaşdırılması da, nəhayət, başa çatacaq”.
İyulun 18-i Bakıya səfər edən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen prezident İlham Əliyevlə enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalayıb. Sənəd Azərbaycandan Avropaya qaz ixracının ildə 8 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur.
Avropa İttifaqı 27 ölkəni birləşdirir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Avropa Parlamenti Avropa İttifaqının qanunverici, Avropa Komissiyası icra orqanıdır.
Azərbaycan Avropa İttifaqının 2009-cu ildə elan olunan Şərq tərəfdaşlığı proqramının üzvüdür. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Hazırda strateji tərəfdaşlıq sazişi üzərində iş gedir.