Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilmə yolu ilə yenidən təşkil edilir. Prezident İlham Əliyev iyulun 16-da belə fərman imzalayıb. Sənədə görə, ASC-nin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 3 üzvdən ibarət Direktorlar Şurası yaradılır. Həmin gün verilən sərəncamla “Azərsığorta”nın Direktorlar Şurasının tərkibi təsdiq edilib: sədr – Azər Bayramov (maliyyə nazirinin müavini), üzvlər – Xəyyam Məmmədov (Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini), Gündüz Əliyev (Maliyyə Nazirliyinin maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini).
Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci il sentyabrın 20-də Maliyyə Nazirliyi yanında Dövlət Sığortası İdarə Heyətinin bazasında yaradılıb. O zaman quruma sığortalamanın bütün növlərini həyata keçirmək, həmçinin könüllü şəxsi sığortalama və əmlak sığortalaması həvalə edilib.