Qobustan həbsxanasında saxlanan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun aclıq aksiyası keçirdiyi xəbəri yayılıb. Məlumata görə, məhbus iyunun 3-də həbsxana rəhbərliyinə verdiyi yazılı bildirişdə son dövrlər ictimai-siyasi fəalların polis məntəqələrində işgəncələrə məruz qaldığını, bu zaman hətta Allaha küfr edildiyini vurğulayıb, həmin şəxslərin cəzalandırılması tələbi qoyub.
1984-cü il təvəllüdlü Taleh Bağırov Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, İranda və İraqda dini təhsil alıb.
2011-2012 və 2013-2015-ci illərdə həbsdə olub.
O, 2015-ci ilin noyabrında Daxili İşlər Nazirliyinin paytaxtın Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı yenidən tutulub, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə silahlanaraq hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi planlaşdırmaqda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.
2017-ci ildə Qobustan həbsxanasında axtarış zamanı Taleh Bağırovun üstündən yaddaş kartları çıxıb, 2018-ci il fevralın 13-də o, qadağan olunmuş əşyaların saxlanması, gəzdirilməsi, daşınması və istifadəsində təqsirli bilinərək beş ay müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.