
Nazirlər Kabineti şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasının tərkibini yeniləyib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrlik etdiyi komissiyanın üzvləri belə sıralanır: müdafiə nazirinin müavini, səhiyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyəti sədrinin birinci müavini, yerli icra hakimiyyəti başçılarının birinci müavinləri və ya müavinləri.
Prezident İlham Əliyev şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri yaradılmasına 2021-ci il iyunun 25-də fərman verib. Sənəd mərkəzlərdə göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısını və xidmət göstərilməsi qaydasını rəsmiləşdirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət orqanlarının xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunub.