Aprelin 22-si Şuşa şəhərində dünya azərbaycanlılarının beşinci qurultayı başlayıb. Şuşa Realnı Məktəbinin dağıdılmış binası qarşısında keçirilən qurultaya prezident İlham Əliyev də qatılıb.
Dünya azərbaycanlılarının birinci qurultayı 2001-ci il noyabrın 9-10-da, ikinci qurultayı 2006-cı il martın 16-da, üçüncü qurultayı 2011-ci il iyulun 5-6-da, dördüncü qurultayı 2016-cı il iyunun 3-də keçirilib. Həmin qurultaylara paytaxt Bakı ev sahibliyi edib.
Əsası 1750-ci ildə qoyulan Şuşa Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin, Şuşa qəzasının baş şəhəri, Yuxarı Qarabağda rayon mərkəzi olub.
1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib.
2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri Şuşanı düşməndən təmizləyib.
2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinə Bayram Səfərov başçılıq edir.
2021-ci il yanvarın 27-də Aydın Kərimov prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub, mayın 7-də Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib, iyunun 22-də “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun qüvvəyə minib, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb, iyulun 16-da Məftun Abbasov qurumun İdarə Heyətinin sədri postuna təyinat alıb.