Nazirlər Kabinetinin 4 aprel qərarına görə, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emalla məşğul olan mikro, kiçik və orta sahibkarlar 2022-ci ildə verilmiş kreditlər üzrə faiz subsidiyası alacaq. Subsidiya 12 aydan çox olmayan müddətdə ödənmiş və ya ödənməmiş faizləri əhatə edir.
Qayda 3 milyon manat və ondan az olan kreditlərə aiddir.
Qərar antiinflyasiya tədbirləri çərçivəsində verilib.
Minimum istehlak səbətində əsas ərzaq məhsulları çörək və çörək məhsulları; kartof; tərəvəz və bostan məhsulları; meyvə və giləmeyvə; ət və ət məhsulları; süd və süd məhsulları; balıq və balıq məhsulları; yumurta; şəkər və qənnadı məmulatları; bitki yağı, marqarin və digər piylər; kərə yağıdır.
Novator.az bildirir ki, rəsmi hesabata görə, 2022-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri 2021-ci ilin eyni dövrünə nisbətən 12,2 faiz yüksəlib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,2 faiz, qeyri-ərzaq məhsulları 6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 10,2 faiz bahalaşıb.