Mərkəzi Seçki Komissiyasının 17 mart iclasında 50 saylı Abşeron-Qobustan dairəsindən deputat Şahin Seyidzadənin mandatına xitam verilir. Şahin Seyidzadə martın 3-dən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir. Azərbaycan Konstitusiyasının 89-cu maddəsi Milli Məclis deputatının dövlət orqanlarında vəzifə tutmasını yasaqlayır.
Novator.az bildirir ki, Şahin Seyidzadənin gedişi ilə partiyasız deputatların sayı 37-yə düşür.
Yeni Azərbaycan Partiyası parlamentdə 69 deputatla təmsil olunur.
Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 mandatı var.
2020-ci il fevralın 9-da 125 dairədə parlament seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyasının 13 fevral 2020-ci il qərarları ilə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələr ləğv olunub, parlament 121 nəfərlə fəaliyyətə başlayıb.
116 saylı Qəbələ dairəsindən deputat Fəttah Heydərov 2020-ci il avqustun 4-də vəfat edib.
55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat Eldəniz Səlimov 2021-ci il avqustun 3-də həbs edilib, hazırda 3 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası çəkir. Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda mandatından məhrum edilir.