Dövlət Statistika Komitəsi yeni hesabatlar yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, müəssisələr və fərdi sahibkarlar 2021-ci ilin yanvar-noyabr aylarında 47,9 milyard manatlıq, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çox sənaye məhsulu istehsal edib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalının 20,7 faiz artdığı vurğulanır.
Başqa hesabata əsasən, yanvar-noyabr aylarında əsas kapitala 11 milyard 708,1 milyon manat məbləğində, 2020-ci ilin eyni dövrünə nəzərən 11,2 faiz az vəsait yönəldilib, neft-qaz sektoruna investisiyalar 8,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsait 12,9 faiz azalıb.
Həmçinin qeyd olunur ki, yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 185 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 115 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal rəsmiləşib.
2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin faktiki qiymətlərlə 34,4 faiz artdığı, real ifadədə 1,8 faiz azaldığı bildirilir.
Qeyri neft-qaz məhsullarının ixracında faktiki qiymətlərlə artım 42,2 faiz, real ifadədə artım 31 faiz göstərilir.