AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev Xocavəndə 9 oktyabr səfərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı deyib: “Bu gün Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümüdür. Biz uzun fasilədən sonra Hadruta – Xocavəndə qayıtmışıq. Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq.
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə – Qarabağın azad edilməsinə nail olaq. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdu və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etdi. Buna baxmayaraq Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.
Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun bütün torpaqlarımızı azad edəcəyik”.
İlham Əliyev Hadrutun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun inzibati mərkəzi, rayon mərkəzi olduğunu xatırladıb: “Ermənistan rəhbərliyi və Ermənistan ictimaiyyəti gördü ki, bizim üçün bütün torpaqlar bizim torpaqdır – istər Füzuli olsun, istər Cəbrayıl olsun, istər Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq. Ermənistan artıq kapitulyasiya aktına imza atmağa hazır olduqdan, bizə bu haqda məlumat daxil olduqdan sonra dedik ki, bəli, dayanırıq və dayandıq, qalan rayonları siyasi yollarla geri qaytardıq.
Hadrut qəsəbəsi Xocavənd rayonunun tərkib hissəsidir və vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut və Martuni rayonları birləşdirilərək Xocavənd rayonu yaradılıb. Keçmiş Martuni rayonunun da təqribən 55-60 faizi işğalçılardan azad edilib və Azərbaycan vətəndaşları o bölgələrə də qayıdacaqlar.
Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut. Siz Hadrutu tanıyırsınız, burada yaşamısınız, olmusunuz, yaxın kəndlərdə də yaşamışınız, burada bir neçə kəndin nümayəndələri var. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb. Yəni kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Görün yollar, binalar nə gündədir. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Onu vurun 30 ilə, görün təxminən nə qədər pul edir. Mən indi bütün bu bölgələrə gedirəm – Hadrutda da, Hadrutun kəndlərinin bir çoxunda da, Xocalının Çanaqçı, Sığnaq kəndlərində də olmuşam. Azıx olsun, Tuğ olsun, Susanlı olsun və başqa kəndlər – hamısı bərbad vəziyyətdədir. İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir. Bəs yığılan bu milyardlar hara gedib? Deməli, Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər.
Biz Hadrutu bərpa edəcəyik. Hadrutun baş planı, onun ilkin versiyası mənə təqdim edildi. Mənim bir çox iradım olub, ona görə mən bu gün o planı gətirmədim. Çünki hələ onun üzərində işləmək lazımdır. Ancaq hesab edirəm ki, yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcəklər, təqdim olunacaq və biz onu təsdiq edəcəyik”.