Prezident İlham Əliyev sentyabrın 21-də Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin fəaliyyəti ilə bağlı fərman imzalayıb. Novator.az bildirir ki, nizamnamədə yeniliyə görə, övladlığagötürmə sahəsində vəzifələrin icrasını təmin etmək agentliyin fəaliyyət istiqamətləri siyahısından çıxarılır, agentlikdən övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək vəzifəsi alınır.
Başqa dəyişikliyə əsasən, agentliyə “DOST” mərkəzlərində göstərilən xidmətlərlə əlaqədar monitorinqlər aparmaq vəzifəsi həvalə olunur. Həmçinin qurum “DOST” mərkəzlərinin fəaliyyətinə könüllüləri cəlb etmək üçün qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə əməkdaşlıq etməli, fəaliyyət sahəsində infrastruktur obyektlərinin monitorinqini aparmalı, onların inkişafı ilə bağlı təkliflər verməlidir.
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı da yenilənib. Xidmətlər siyahısına əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi və mediasiya xidmətlərinin təşkili əlavə olunur, özünüməşğulluq proqramı çərçivəsində monitorinq aparılması xidməti isə ixtisar edilir.