Ermənistanda yeni hökumət qurulur. Novator.az-ın məlumatına görə, avqustun 2-də yeni parlamentin ilk iclası keçirilib. 107 nəfərlik parlamentdə 71 deputatla təmsil olunan hakim Vətəndaş Sazişi Partiyası baş nazir postuna öz liderini, hökumət başçısı Nikol Paşinyanı namizəd göstərib. Prezident Armen Sərkisyanı təqdimatı qəbul edərək Nikol Paşinyanın baş nazir təyinatını rəsmiləşdirib.
Ermənistan 2018-ci il aprelin 9-da parlament idarə üsuluna keçib: icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərlik baş nazirdədir. Ermənistanda hökumətin strukturu qanunla müəyyən olunur, baş naziri və Nazirlər Kabinetinin başqa üzvlərini prezident təyin edir.
İyunun 20-də keçirilmiş növbədənkənar seçkidə formalaşan yeni parlament 107 deputatdan ibarətdir. İkinci prezident Robert Köçəryanın, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasının cəmləşdiyi Ermənistan blokunun 29, üçüncü prezident Serj Sərkisyanın Ermənistan Respublikaçılar Partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə birləşdirən “Qürurluyam” blokunun 7 mandatı var.
1975-ci il təvəllüdlü Nikol Paşinyan 2017-ci il aprelin 2-də Vətəndaş Sazişi Partiyasının daxil olduğu “Çıxış” blokundan parlament üzvü seçilib.
Ermənistan parlament idarə üsuluna keçəndə sabiq prezident Serj Sərkisyan aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində onun liderlik etdiyi blok qalib gəlib, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefasını tələb edib. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub.
Avqustun 2-də Vətəndaş Sazişi Partiyasından Alen Simonyan yeni parlamentin sədri seçilib. Alen Simonyan 1980-ci ildə doğulub. Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib, Milli Elmlər Akademiyasında siyasi elmlər üzrə magistr dərəcəsi alıb. 2019-cu ildən parlament sədrinin müavini postunu tutub.