“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun imzalanmaq üçün prezidentə göndərilir. Novator.az bildirir ki, parlamentin 9 iyul iclasında son oxunuşdan keçən layihəyə görə, enerji auditi könüllü aparılır, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiqləyir. Məcburi enerji auditi 3 ildən bir keçirilir.
Sənədə əsasən, illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində və tikinti ərazisi ən azı 10000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında enerji idarəçisi (meneceri) təyin edilməlidir.
Enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti məişət suyunun istehlakçılarını ağıllı sayğaclarla təchiz etməyə məsuldur.
Qanunun 2022-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.