İyulun 7-si 16-cı Avropa futbol çempionatının ikinci yarımfinal oyununda İngiltərə və Danimarka milli komandaları görüşür. Qalib iyulun 11-nə təyin olunan finalda İtaliya ilə üz-üzə gələcək.
Novator.az-a danışan futbol icmalçısı Rasim Mövsümzadə deyir ki, 2018-ci ilin dünya çempionatında yarımfinala çıxan İngiltərə millisi Danimarka səddini adlamaqla Avropa çempionatlarında ən yüksək nəticəsinə imza ata bilər: “İngilislərin bu yarışda qapılarından top buraxmadan irəliləməsi diqqət çəkir. Çempionatın beş matçından dördünü Londonda oynamış İngiltərə millisi üçün yarımfinal və finalın da “Uembli” stadionunda keçirilməsi əlavə üstünlük sayıla bilər.
Amma təbii ki, “Uembli” qələbəyə zəmanət vermir. İngilislər sonuncu dəfə burada penaltidən buraxdıqları qol üzündən elə danimarkalılara uduzublar – 0:1. Həmin məğlubiyyətdən doqquz aya yaxın vaxt keçir.
Danimarka millisi 1992-ci ildə Avropa çempionu olduqdan sonra ən yüksək nailiyyətə imza ataraq böyük turnirlərdə yarımfinala çıxa bilib. Bu komandanın Avropa çempionatında ən texnikalı yığmalardan biri olması, həmçinin 7 futbolçusunun İngiltərə çempionatında çıxış etməsi də unudulmamalıdır.
Bugünkü oyunda diqqətlər həmçinin danimarkalı Kasper Dolberq, ingilislər Harri Keyn və Rahim Sterlinqin üzərində olacaq. Hərəyə 3 dəfə fərqlənən bu futbolçular 5 qolla bombardirlər yarışına başçılıq edən portuqaliyalı Kriştiano Ronaldo və çexiyalı Patrik Şikə çatmağa çalışacaqlar”.