Dövlət Dumasında qüvvələr nisbəti
- 05 May 2021
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Rusiya parlamentinin aşağı palatasına – Dövlət Dumasına növbəti seçki 2021-ci il sentyabrın 19-na təyin olunub. 450 nəfərlik Dövlət Dumasının 225 deputatı partiya siyahıları üzrə (proporsional sistemlə), 225 deputatı dairələrdən (majoritar sistemlə) seçilir. Parlamentə düşmək üçün partiyadan etibarlı səslərin azı 5 faizini toplamaq, dairə üzrə namizəddən nisbi səs çoxluğu əldə etmək tələb olunur.
Novator.az bildirir ki, indiki Dövlət Dumasında hakim Vahid Rusiya Partiyası 336 nəfərlə təmsil olunur. Bu partiyaya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev liderlik edir.
1965-ci il təvəllüdlü Dmitri Medvedyev 2005-ci ilin noyabrından baş nazirin birinci müavini olub, daha sonra baş nazir kürsüsünə gətirilib. 2008-2012-ci illərdə Rusiya prezidenti postunu tutub, 2012-ci ildən 2020-ci il yanvarın 15-dək yenidən baş nazir olub.
Kommunist Partiyasının Dövlət Dumasında 43, Liberal Demokrat Partiyasının 40, Ədalətli Rusiya Partiyasının 23 mandatı var.
Dumada 6 yer boşdur, 2 deputat fraksiyalara daxil deyil.
Rusiya Konstitusiyasına görə, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri prezidentin təqdimatı ilə Dövlət Duması təyin edir.
Prezident postunu Vladimir Putin tutur. 1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.
2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib, 2018-ci ilin seçkisində postunu qoruyub.