Aprelin 19-da sərəncam imzalayan prezident İlham Əliyev Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibini təsdiqləyib. Dövlət başçısının sədrlik etdiyi komissiyanın üzvləri belə müəyyən olunub:
baş nazir
Prezident Administrasiyasının rəhbəri
baş nazirin müavini
Prezident Administrasiyasının humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
mədəniyyət naziri
təhsil naziri
səhiyyə naziri
nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Yazıçılar Birliyinin sədri
Azərbaycan Rəssamlar İttifaqının sədri
Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
Azərbaycan Memarlar İttifaqının sədri
İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Xoşbəxt Yusifzadə, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Tahir Salahov, xalq rəssamı
Ömər Eldarov, xalq rəssamı.
Novator.az bildirir ki, Heydər Əliyev Mükafatının əsasnaməsi prezidentin 20 sentyabr 2007-ci il fərmanı ilə təsdiqlənib.
Üzərində Heydər Əliyevin surəti həkk olunmuş döş nişanı, diplom və pul mükafatından ibarət olan Heydər Əliyev Mükafatı ictimai-siyasi, sosial, iqtisadi, elm, ədəbiyyat və incəsənət sahələrində xüsusi xidmətlərə; dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka; Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə; beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.
Mükafat Azərbaycan vətəndaşlarına, həmçinin xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər.
Bir şəxsin mükafatı təkrar alması yasaqdır.
Heydər Əliyev 1923-cü ildə doğulub. 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi respublika rəhbəri olub. 1982-1987-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub.
1990-cı ildə Heydər Əliyev Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü və 1998-ci illərdə Azərbaycan prezidenti seçilib. 2003-cü il dekabrın 12-də vəfat edib.