2022-ci ilin dünya futbol çempionatının reqlamentinə görə, final mərhələsindəki 32 komandanın 13-ü Avropanı təmsil edəcək. Qitədə seçmə mərhələ 10 qrup üzrə aparılır. Dünya çempionatına çıxmaq üçün qrupda birinci yeri tutmaq gərəkdir. İkinci yeri tutan 10 komanda və Millətlər Liqasının 2 ən yaxşı komandası əlavə oyunlar keçirmək hüququ qazanacaq.
Novator.az bildirir ki, Avropada seçmə mərhələnin üç turu arxada qalıb. Azərbaycan milli komandasının da yer aldığı A qrupunda Portuqaliya və Serbiya 7 xalla liderlik edirlər.
B qrupunda İspaniya (7 xal), C qrupunda İtaliya (9 xal), D qrupunda Fransa (7 xal), E qrupunda Belçika (7 xal), F qrupunda Danimarka (9 xal), G qrupunda Türkiyə (7 xal), H qrupunda Xorvatiya və Rusiya (6 xal), İ qrupunda İngiltərə (9 xal), J qrupunda Ermənistan (9 xal) öndədir.
2022-ci ilin dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.