Azərbaycanın “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa görə, müddətli həqiqi hərbi xidmət ali təhsillilər üçün 1 il, qalan şəxslər üçün 1 il 6 aydır. Ancaq son vaxtlar ölkədə həqiqi hərbi xidmətin faktiki müddəti artıb.
Novator.az bildirir ki, prezident İlham Əliyevin 2020-ci il dekabrın 22-də imzaladığı sərəncamla vətəndaşların 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması rəsmiləşib, ancaq ehtiyata buraxılma qərarı verilməyib.
Dövlət başçısının 2 mart 2021-ci il sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə yeni çağırış elan olunub. Sənəd 18 yaşı tamam olmuş, habelə yaşı 35-dək olan, müddətli həqiqi hərbi xidmət keçməmiş, çağırışdan möhlət hüququ olmayan və ya azad edilməmiş şəxslərin aprelin 1-dən 30-dək hərbi xidmətə çağırılmasını nəzərdə tutur.
Ehtiyata buraxılmaya gəlincə, sərəncama əsasən, 2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş hərbi qulluqçular aprelin 1-dən 30-dək tərxis olunacaq. Yəni sərəncamın ehtiyata buraxılma hissəsi 1 il və 1 il 6 aylıq xidməti 2020-ci il oktyabrın 30-dək başa vurmuş şəxslərə aiddir. Qanunda nəzərdə tutmuş xidmət müddətini bitirmiş qalan şəxslər ehtiyata buraxılmayacaq.
Rəsmən bəyan olunmasa da, bəzi şəxslərin qanunda nəzərdə tutulan həqiqi hərbi xidmət müddətindən çox qulluq etməsi 2020-ci ilin payızında aparılmış Vətən müharibəsinin nəticələri ilə bağlıdır. Müharibə nəticəsində işğal altındakı ərazilərin böyük qismi azad olunub, bu isə yeni dislokasiya məntəqələri üçün əlavə canlı qüvvəyə ehtiyac doğurub.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.