Əli Kərimli: “Hərbçilərə sahib çıxmaq xalqın vəzifəsidir”
Müdafiə naziri hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr əmri verib. Martın 2-də açıqlanan əmrlə Azərbaycan Ordusunun Ermənistanla sərhəddə və Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində, işğaldan azad edilmiş və infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına 50 faiz həcmində müddətli əlavələr təyin olunub.
Əmr 2021-ci ilin yanvar və fevral ayları üçün ödənəcək pul təminatına da şamil edilir.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində yazır ki, sosial şəbəkədə iki aya yaxın aparılan kampaniya nəticə verib: “Ön cəbhədə xidmət edən hərbçilərimiz savaşdan öncə aldıqları kimi ikiqat əməkhaqqı alacaqlar. Əlavələr yanvar və fevral aylarına da şamil olunur. Xalqımızın, ictimai rəyin ciddi uğurudur. “Yazmaqla, danışmaqla nə olacaq?” deyənlərə qətiyyən fikir verməyin. Hər fürsətdə haqsızlığa etiraz edin, hüquqlarınızı tələb edin. Haqqı yeyilənləri tək qoymayın. Nəticə mütləq olacaq.
Martın 2-də açıqlanan qərar ictimai fikrin böyük uğuru olsa da, yenə yarımçıqdır. Qərarı elə veriblər ki, ikiqat maaş maksimum az hərbçiyə düşsün. İşğaldan azad edilmiş, minalardan hələ də təmizlənməmiş, heç bir şəraiti olmayan və təmas xəttinə yaxın ərazidə xidmət edən hərbçilərimizin əməkhaqqı 50 faiz artırılıb. Həmin hərbçilərin də əməkhaqqı azı ikiqat artırılmalı idi. Təmas xəttindən uzaqda xidmət edən hərbçilərin də əməkhaqqı artırılmalıdır.
Bundan sonra da hərbçilərimizin, qazilərimizin, şəhid ailələrinin problemləri daim diqqətimizdə olmalıdır. Savaş günlərində hərbçilərimiz Vətənə, xalqa sahib çıxdı. Savaşdan sonra da hərbçilərə sahib çıxmaq Vətənin, dövlətin, xalqın vəzifəsidir”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun bir neçə kəndi bölgədə atəşkəsi qorumağa məsul olan Rusiya Ordusu bölmələrinin nəzarətindədir.
“Hərbi qulluqçuların statusu haqqında” qanuna görə, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənməli olan pul təminatı ikiqat hesablanır. 2021-ci ilin yanvarında bu proses dayanmışdı. Maliyyə Nazirliyi bunu ikiqat pul təminatı ilə əhatə olunan hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi zərurəti ilə əsaslandırmışdı.
İctimaiyyət hərbçilərin maaşında azalmadan narazılıq edirdi.