Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarında yeni tədris ili başlayıb. Müdafiə Nazirliyinin 2 fevral məlumatına görə, 2021-ci tədris ilinin əsas məqsədləri müasir, yüksək texnologiyalardan geniş yararlanıb qoşunların idarə edilməsinin səmərəliliyinin artırılması, qərargahların bacarıqlarının, habelə onların heyətləri arasında uzlaşmanın təkmilləşdirilməsi, döyüş növbətçiliyinin keyfiyyətli təşkili, şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Naxçıvan Qarnizonu Qoşunlarında da yeni tədris ilinə start verilib. İlk həftədə birləşmə və hərbi hissələrdə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi və müxtəlif variantlar üzrə məşq etdirilməsi nəzərdə tutulur.
Fevralın 1-dən isə Qars şəhərində Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordusunun bölmələrinin iştirakı ilə qış təlimi keçirilir. Birgə taktiki təlimlər fevralın 12-dək davam edəcək.