Minatəmizləmə Agentliyinin nizamnaməsi rəsmiləşdi
Prezident İlham Əliyev Minatəmizləmə Agentliyinin nizamnaməsini təsdiqləyib. Fərman fevralın 2-də imzalanıb.
Nizamnaməyə görə, Minatəmizləmə Agentliyi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir.
Minatəmizləmə Agentliyi prezidentin 15 yanvar fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında yaradılıb.
Qurumun fəaliyyətinə rəhbərliyi 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi prezidentin səlahiyyətindədir.