Köçəryan Ermənistandan çıxmaq icazəsi alıb
- 02 Fevral 2021
- comments
- hikmet
- Posted in Dünyanın səsiXəbər
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın mühakiməsinə sədrlik edən hakim onun ölkədən müvəqqəti çıxmasına icazə verib. Novator.az-ın məlumatına görə, bu, paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmənin 2 fevral iclasında bəyan olunub. Keçmiş dövlət başçısının fevralın 3-dən 8-dək Rusiyanın paytaxtı Moskvada səfərdə olacağı bildirilir. Rusiyanın “Sistema” investisiya şirkətində rəhbər post tutan Robert Köçəryan Direktorlar Şurasının iclasına dəvət alıb.
1954-cü il təvəllüdlü Robert Köçəryan Azərbaycana qarşı işğalçı müharibənin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib, 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub.
2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət işğalçı müharibənin qaniçən liderlərindən olan baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2018-ci ildə Serj Sərkisyan hakimiyyəti çökəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, 2018-ci il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir. O, xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır.
2018-ci il iyulun 27-də Robert Köçəryan 2 ay müddətinə həbs edilib, avqustun 13-də azadlığa buraxılıb. Həmin il dekabrın 7-də Robert Köçəryan yenə tutulub, 2019-cu il mayın 18-də pul girovu ilə azadlığa çıxıb. 2019-cu il iyunun 25-də Robert Köçəryan yenidən həbs edilib, sentyabrın 12-də Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə mühakimə prosesi başlayıb. Sabiq prezidentlə birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə olunur.
Ermənistanın Apellyasiya Məhkəməsi 2020-ci il iyunun 18-də Robert Köçəryanın pul girovu müqabilində azadlığa buraxılması barədə qərar verib. İyunun 19-da sabiq prezident azadlığa buraxılıb.