UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” komandası üçüncü ələmə mərhələsində Norveçdən “Molde”yə rəqib olub. Oyun sentyabrın 16-sı Bakıda keçirilməli idi.
Novator.az-ın məlumatına görə, sentyabrın 9-da UEFA oyunun neytral meydanda – Kiprin Larnaka şəhərində keçirilməsinə qərar verib. Qərar “Molde”nin xahişi əsasında çıxarılıb. Norveçdə koronavirus pandemiyası üzündən tətbiq olunan karantin qaydaları komandanın Azərbaycana səfərdən sonra 10 gün təcriddə qalmasını nəzərdə tuturdu.
“Qarabağ” birinci mərhələdə Şimali Makedoniyanın “Sileks” komandasını (4:0), ikinci mərhələdə Moldovanın “Şerif” klubunu (2:1) ələyib. Hər iki oyun Bakıda keçirilib.
Üçüncü mərhələni adlasa, “Qarabağ” dördüncü raundda (22-30 sentyabr) “Ferensvaroş” (Macarıstan) – “Dinamo” Xorvatiya matçının qalibi ilə üz-üzə gələcək.
Dördüncü mərhələ cüt oyunlardan ibarətdir.
Qrup mərhələsində bu komandalar var: İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”; İngiltərədən “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”; İtaliyadan “Yuventus”, “İnter”, “Atalanta”, “Latsio”; Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), “Leypsiq”, “Borussiya” (Mönhenqladbah); Fransadan PSJ, “Marsel”, “Renn”; Rusiyadan “Zenit”, “Lokomotiv” (Moskva); Portuqaliyadan “Portu”, Belçikadan “Brügge”, Ukraynadan “Şaxtyor”, Türkiyədən “Başakşəhər”, Niderlanddan “Ayaks”.