Mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Anar Kərimov vəzifə başına keçib.
İyulun 20-də fərman imzalayan prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin əsasnaməsini yeniləyib, nazirin birinci müavinlərinin sayı birdən ikiyə çatdırılıb.
Dövlət başçısının eyni gündə verdiyi sərəncamlarla Anar Kərimov Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılaraq mədəniyyət nazirinin birinci müavini təyin edilib və ona nazirin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti verilib.
Mədəniyyət naziri postu Əbülfəs Qarayev mayın 21-də işdən götürüləndən boşdur.
İyulun 21-də Prezident Administrasiyasının humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Anar Kərimovu nazirliyin kollektivinə təqdim edib. Tədbirə nazirin digər birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, nazirliyin struktur bölmələrinin rəhbərləri qatılıblar.
Novator.az bildirir ki, Anar Qabil oğlu Kərimov 1977-ci ildə doğulub. Bakı Dövlət Universitetində Yaxın Şərq və şərqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi, Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsi alıb. İraq, Misir, Avstriya, İtaliya, Polşa və başqa ölkələrdə diplomatik kurslarda iştirak edib.
2000-ci ildən Xarici İşlər Nazirliyinin İnsan Haqları, Demokratikləşmə və Humanitar Məsələlər İdarəsində işçi, attaşe, üçüncü katib postlarını tutub. 2004-cü ildən Azərbaycanın Belçikadakı səfirliyinin və Avropa İttifaqında nümayəndəliyinin üçüncü və ikinci katibi olub. 2008-2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışıb.
2010-cu ildən Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində xidmət edib, 2014-cü ilin may ayında daimi nümayəndə təyin olunub.
Fövqəladə və səlahiyyətli səfir, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni laureatıdır.
Rus, ingilis və fransız dillərini bilir.
Mədəniyyət Nazirliyindəki həbslərlə bağlı rəsmi açıqlama