Həbsdən çıxan cəbhəçi işini itirmək təhlükəsi ilə üzləşib
- 06 İyun 2020
- comments
- Novator.az
- Posted in ManşetXəbər
İyunun 2-də 30 sutka inzibati həbs cəzasını başa vuraraq azadlığa çıxan AXCP fəalı, gənc şair Elvin Məmmədov növbəti problemlə üzləşib.
Novator.az-ın məlumatına görə, paytaxtdakı “Sədərək” Ticarət Mərkəzinin mühafizə xidmətində çalışan cəbhəçi şairə könüllü ərizə yazıb işdən çıxmaq təklif olunub.
Elvin Məmmədov ərizə yazmaqdan imtina edib. O bildirir ki, təklif hüquqi cəhətdən əsassızdır, sırf siyasi motivlidir və onun hakimiyyətə müxalif əqidədə olması ilə bağlıdır. Dediyinə görə, ona işdən çıxmağı təklif edəndə əsl motivi heç gizlətməyiblər də. Açıq şəkildə deyiblər ki, cəbhəçi olduğun üçün bizimlə işləyə bilməzsən, könüllü ərizə yazıb işdən getməlisən.
Elvin Məmmədov həbs edilməsini də siyasi motivli sayır. O, aprelin 27-də 55 yaşı tamam olan AXCP sədri Əli Kərimlinin ad günü münasibətilə şeir yazıb və sosial şəbəkədə yayıb. Beş gün sonra – mayın 2-də Elvin Məmmədov həbs olunub. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə gənc şair karantin rejimini pozmaqda təqsirli bilinib. Elvin Məmmədov ittihamın qondarma olduğunu, karantin rejimini pozmadığını vurğulayır. O, əslində Əli Kərimlinin ad gününə yazdığı şeirə görə tutulduğuna şübhə etmir.
35 yaşlı Elvin Məmmədov iki uşaq atasıdır.
Novator.az xatırladır ki, aprelin 22-də tutulan, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirməkdə təqsirli bilinən, Suraxanı Rayon Məhkəməsinin qərarıyla 30 sutka inzibati həbs cəzası alan AXCP üzvü Arif Babayev də azadlığa çıxandan sonra işini itirmək təhlükəsi ilə üzləşib. Neçə ildir çalışdığı “Point Hotel Baku”dan ona ərizə yazıb işdən çıxmaq təklif olunub. Öhdəsində üç azyaşlı uşaq olan Arif Babayev təklifin siyasi xarakterli olduğunu və “Point Hotel Baku”nun məsul şəxslərinin bunu ondan gizlətmədiyini bəyan edib.
Martın 22-dən bəri 16 AXCP fəalı müxtəlif inzibati xətalar üzrə (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək, xırda xuliqanlıq) həbs cəzası alıb.
AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli və AXCP sədrinin mühafizəçisi Ruslan Əmirov iki dəfə məhkum ediliblər.
AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədova inzibati həbsdən sonra terrorçuluğu maliyyələşdirmə ittihamı ilə irəli sürülüb və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Son vaxtlar daha 3 cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub, onların biri həm də məhkum edilib.
Martın 24-ü Zamin Salayevə Salyanda qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.
Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub. Salyan Rayon Məhkəməsi onu böhtan və təhqirdə təqsirli bilərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Aprelin 13-ü Bakıda “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. Hazırda onun məhkəməsi gedir.
Mayın 16-sı Bakıda tutulan Səid Məmmədzadəyə (Bakuvi) bıçaqla xəsarət yetirmək ittihamı verilib, mayın 18-də onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.