Təlim hesabatları
- 03 Mart 2020
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Azərbaycan Ordusunun genişmiqyaslı komanda-qərargah təlimləri davam edir. Mod.gov.az-ın 3 mart məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda idarəetmə məntəqəsində qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.
Ümumi əməliyyatların planlaşdırılması, təminat, döyüşü idarəetmə, artilleriya, hava hücumundan müdafiə və digər qoşun növlərinin idarəetmə qruplarına, maket və taktiki sinif otaqlarına baş çəkən nazir idarəetmə orqanlarının fəaliyyəti, xüsusilə silahlanmaya yeni qəbul olunan döyüş vasitələrinin istifadəsi ilə bağlı göstərişlər verib.
Digər xəbərə əsasən, döyüş tapşırıqlarının dəqiqləşdirilməsi və mövcud döyüş vəziyyətinin qiymətləndirilməsi məqsədilə real şəraitdə ərazinin kəşfi aparılıb. Zakir Həsənov vəzifəli şəxslərin məruzələrini dinləyib, təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar aydınlaşdırılıb.
Martın 2-də başlayan təlim martın 6-dək davam edəcək.