Pul var, nəzarət də olsun
- 03 Mart 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetŞərh
Azərbaycan hökuməti koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün martın 3-dən bütün təhsil müəssisələrini bir həftəliyə qapadıb. Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan başqa icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparmaq tapşırılıb.
Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu özünün “Facebook” səhifəsində bu məsələyə toxunaraq yazır: “2020-ci ilin dövlət büdcəsində təhsil xərcləri 3,1 milyard manat müəyyənləşdirilib, bu da ötən ilin büdcəsinin gözlənən icrasından 912,8 milyon manat çoxdur. Təhsil büdcəsi əvvəlki illə müqayisədə 40,7 faiz artıb.
Xərclərin 68,8 faizi və ya 2 milyard 188,6 milyon manatı Təhsil Nazirliyinin payına düşür. Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlərə nəzərdə tutulmuş vəsaitin payı 10,8 faiz, yerli icra hakimiyyəti orqanları üzrə vəsaitin xüsusi çəkisi 10,3 faiz göstərilir.
Dövlət əsaslı vəsait qoyuluşu üzrə təhsil müəssisələrinin təmiri və tikintisi üçün 256,3 milyon manat vəsait nəzərdə tutulub. Maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir üçün Təhsil Nazirliyinə əlavə 10 milyon manat da ayrılıb. 653,4 milyon manat isə malların (iş və xidmətlərin) satın alınması üçündür.
Göründüyü kimi, məktəblərdə sanitar-su qovşağının, tualetlərin təmiri, eləcə də tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər üçün kifayət qədər büdcə vəsaiti var. Büdcədən ayrılmış vəsaitin son təyinatı üzrə düzgün xərclənməsi həm də valideynlərin və ictimaiyyətin bu prosesə nəzarətinin təşkilindən asılıdır.
Təklif edirəm, Təhsil Nazirliyi məktəblərin təmiri və maddi-texniki təminatın möhkəmləndirilməsinə, eləcə də tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin maliyyələşdirilməsinə ayrılmış vəsaitin məbləğini açıqlasın. Eyni zamanda valideynlərin rəsmi və qeyri-rəsmi birlikləri məktəbləri nəzarətdə saxlasın ki, nəzərdə tutulan tədbirlərin həyata keçirildiyinə əmin ola bilək”.