Əmanət müşkülləri
- 03 Mart 2020
- comments
- Səidə Hüseynova
- Posted in ManşetŞərh
“Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiqi başa çatır. Novator.az bildirir ki, 2016-cı il martın 1-dən qüvvədə olan həmin qanuna görə, illik faiz dərəcəsi milli valyutada 15 faizdən, xarici valyutada 3 faizdən yüksək olmayan bütün əmanətlər 3 il müddətinə tam sığortalanıb, sonra müddət 2020-ci il martın 1-dək uzadılıb.
İqtisadçı Natiq Cəfərli özünün “Facebook” səhifəsində yazır ki, 2019-cu ilin noyabr ayından 2020-ci il fevralın 1-nə qədər Azərbaycanda fiziki şəxslərin əmanətləri 222 milyon 625 min manat geriləyib: “Xarici valyutadakı əmanətlər 495 milyon 747 min manat azalıb, milli valyutadakı əmanətlər 273 milyon 121 min manat artıb. Manatla əmanətlərin artmasının səbəbləri məzənnənin inzibati qaydada 2 ildir sabit qalması, faizlərin nisbətən yüksək olması və bütün əmanətlərin sığortalanması qərarı idi.
Bütün əmanətlərə tətbiq edilən sığortanın müddəti bitir, hökumətdən isə heç bir açıqlama yoxdur.
Neftin qiyməti düşür. Sırf iqtisadi amilləri götürsək, qiymət 40-45 dollara qədər düşməlidir, çünki dünyada iqtisadi aktivlik kəskin azalır, koronavirus təhlükəsi artdıqca daha da azalacaq.
Belə bir vəziyyətdə Azərbaycan manatına basqılar artır. Neft 50 dollardan aşağı düşüb may ayına qədər elə qalsa, 10-15 faizik devalvasiya qaçılmaz olacaq.
Hökumət çox primitiv, dayanıqsız, xarici şoklardan və neftdən təhlükəli həddə asılı bir iqtisadi model qurub və hamımızı bu bəsit modelin girovuna çevirib. Əmanətlərin tam sığortalanması müddəti uzadılmasa, əhalinin bir qismi öz əmanətlərini, əsasən də manatla əmanətlərini banklardan geri çəkməyə başlayacaq. Bu isə zorla ayaqda duran bank sektoruna ciddi ziyan vuracaq.
Banklar da ölkə iqtisadiyyatı kimi primitiv modellə işləyir, depozit götürüb əsasən istehlak krediti verməklə məşğuldurlar. Prezident hər dəfə deyir ki, kommersiya, istehsal kreditləri azdır, amma bu, nəticədir, səbəb odur ki, investor sabahına güvənmir, qanunlar işləmir, məhkəmələr ədalətli deyil, məmur bizneslə diffuziya əlaqəsinə girib”.