Beş ay tez azadlığa çıxmaq cəhdi də baş tutmadı
- 03 Mart 2020
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Martın 3-də Ali Məhkəmədə AXCP üzvü Fuad Əhmədlinin şikayətinə baxılıb.
1990-cı il təvəllüdlü Fuad Əhmədli 2016-cı il avqustun 18-də tutulub. O, operator işlədiyi “Azerfon” şirkətində abonentin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi Fuad Əhmədlini əməliyyat-axtarış fəaliyyəti qanunvericiliyini pozma və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya instansiyası və Ali Məhkəmə cəzanı qüvvədə saxlayıb.
2019-cu ilin yazında Fuad Əhmədli cəzasının üçdə iki hissəsini çəkdiyinə görə azadlığa buraxılması üçün Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Qaradağ məhkəməsi müraciətə mayın 1-də baxıb və AXCP fəalının istəyini təmin etmәyib. Buna Fuad Əhmədlinin saxlandığı 16 saylı Cәzaçәkmә Müәssisәsi rəhbərliyinin verdiyi mənfi xarakteristika əsas gətirilib. Rəhbərliyin məhkəməyə təqdimatında Fuad Əhmədlinin islah olunmadığı bildirilib.
Bundan sonra cəbhəçi məhbus apellyasiya instansiyasına üz tutub. 2019-cu il iyulun 5-də Bakı Apellyasiya Məhkəməsi Fuad Əhmədlinin şikayətinin təmin edilməməsi barədə qərar çıxarıb.
2020-ci il martın 3-də isə Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Ali Məhkəmənin qərarı hakim Əziz Seyidovun sədrliyi ilə qəbul edilib. Beləliklə, Fuad Əhmədlinin vaxtından əvvəl şərti azadlığa çıxmasına razılıq verilməyib.
Gənc məhbusun 4 illik həbs cəzasının başa çatmasına beş ay yarım qalır.