Bakı Şəhər Statistika İdarəsi 2019-cu ilə aid sosial-iqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ildə sənaye istehsalı və xidmətlərinin həcmi əvvəlki illə müqayisədə 0,7 faiz artaraq 39,7 milyard manata çatıb, məhsulun 80,7 faizi mədən, 17,2 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,4 faiz göstərilir.
Qeyd olunur ki, 2019-cu ildə əsas kapitala 10 milyard 214,2 milyon manat məbləğində, yaxud 2018-ci illə müqayisədə 2,3 faiz az vəsait yönəldilib.
Ticarət dövriyyəsinin həcminin 2018-ci illə müqayisədə 4,2 faiz, ictimai iaşə dövriyyəsinin real ifadədə 8,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərinin real ifadədə 4 faiz artdığı bildirilir.
Hesabata əsasən, 2019-cu ildə istehlak məhsulları və xidmətlər 0,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 0,7 faiz, qeyri-ərzaq məhsulları 0,2 faiz, əhaliyə göstərilən xidmətlər 0,1 faiz bahalaşıb.
Rəsmi məlumata görə, 2019-cu ilin noyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 934,6 manata yüksəlib.