“Müharibədə vuruşmuş və əlil olmuş vətəndaşlar üçün şəraitin yaradılması bizim mənəvi borcumuzdur”. Dekabrın 24-ü Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimində çıxış edən prezident İlham Əliyev belə deyib.
Yeni inşa olunan binada 96 mənzil var. Onların 62-si Qarabağ müharibəsi əlilinə, 34-ü şəhid ailələrinə təqdim olunub.
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bir qrupu ilə görüşən İlham Əliyev deyib: “Vətən uğrunda şəhid olmuş insanların xatirəsi bizim üçün həmişə əzizdir. Azərbaycan xalqı şəhidlərimizin xatirəsini həmişə öz qəlbində yaşadır. Müharibədə vuruşmuş və əlil olmuş vətəndaşlar üçün şəraitin yaradılması bizim mənəvi borcumuzdur.
Son illər ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 7500-dən çox mənzil və fərdi ev, 7 minə yaxın minik avtomaşını verilib. Azərbaycan bu sahədə ən düzgün siyasət aparır. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə o vətəndaşlar ki, öz həyatını Vətən uğrunda qurban verib və sağlamlığını itirib. Bundan sonra da bu siyasət davam etdiriləcək. Gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsi planlaşdırılır. Bu ilin əvvəlində 800-ə yaxın mənzilin verilməsi nəzərdə tutulurdu. Ancaq əlavə vəsaitin ayrılması nəticəsində bu mənzillərin və evlərin sayı 900-ə çatıb, o cümlədən yüzlərlə minik avtomobili də verilib.
Azərbaycan dövləti sosial təminat sahəsində çox genişmiqyaslı və düzgün siyasət aparır. İlk növbədə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları qayğı ilə, diqqətlə əhatə olunurlar. Eyni zamanda işğaldan əziyyət çəkən soydaşlarımız, məcburi köçkünlər üçün bu il 5 min mənzil və fərdi ev təqdim olunub. Beləliklə, bu kateqoriyadan olan vətəndaşlara bu il təqribən 6 minə yaxın ev və mənzil verilib. Bu siyasət davam etdiriləcək. Çünki hələ də növbədə dayanan vətəndaşlar var. Şəhid ailələri arasında təqribən 2 mindən çox vətəndaş növbədə dayanır. Onların da problemləri həllini tapacaq.
İndi bizim iqtisadi imkanlarımız yaxşılaşır. Düzgün iqtisadi siyasət aparmaqla əlavə gəlirlər əldə etdik. Bu gəlirləri ilk növbədə sosial problemlərin həllinə yönəltdik. Bu il 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşı böyük sosial paketlə əhatə olunub. Biz bu işlərə milyardlarla manat vəsait yönəltmişik. Sosial təminat bizim üçün ən başlıca vəzifədir. Buna nail olmaq üçün bizim iqtisadi imkanlarımız olmalıdır. İqtisadi inkişaf nə qədər yüksək templərlə artsa, sosial təminat da bir o qədər yaxşılaşacaq, maaşlar, pensiyalar artacaq. Şəffaflıq, dürüstlük, korrupsiya və rüşvətxorluqla mübarizə, iqtisadi islahatlar, struktur islahatları – bütün bunlar ölkəmizə böyük canlanma gətirir”.
Həmin gün sərəncam imzalayan dövlət başçısı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə 2019-cu ilin dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon 610 min manat ayırıb.