Mərkəzi Seçki Komissiyasının 17 dekabr iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisinə qatılan Vahid Azərbaycan Partiyası və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Novator.az bildirir ki, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası və Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri daha əvvəl rəsmiləşib.
Son hesabata görə, parlament seçkisində iştirak etmək üçün dairə seçki komissiyalarına 469 nəfər müraciət edib.
Növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. Ancaq prezident İlham Əliyev dekabrın 5-də Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar seçki təyin edib.
Milli Məclisin birmandatlı dairələrdən seçilən 125 deputatı var.
Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Sənədlər 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.
Təşviqat 2020-ci il yanvarın 17-də başlanır, fevralın 8-i səhər saat 8-də dayandırılır.
Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.