Müdafiə Nazirliyi Kollegiyasının 11 dekabr iclasında Azərbaycan Ordusunun 2019-cu tədris ilindəki hazırlığının yekunları müzakirə olunub. Rəsmi məlumata görə, nazir Zakir Həsənovun sədrlik etdiyi iclasda nazir müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayev ordu quruculuğu sahəsində aparılan islahatlar, Azərbaycan Ordusunun döyüş fəaliyyəti, silah və texnika ilə təchizatı, maddi-texniki və tibb təminatı, kadr islahatları, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, hərbi qulluqçuların sosial-məişət şəraiti barədə məruzə edib.
Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi kollegiya iclasında Zakir Həsənov xidməti döyüş hazırlığının yekunları və 2020-ci tədris ilində qarşıda duran vəzifələr barədə danışıb. O, həyata keçirilən tədbirlərin təhlilini apararaq döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin artırılması üçün komandir-rəis heyəti qarşısında tapşırıqlar qoyub.
2019-cu tədris ilində fərqlənmiş hərbi qulluqçular təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıb.