Avropa Məhkəməsindən Mövsüm Səmədov qərarı
- 12 Dekabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Dekabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan İslam Partiyasının sabiq sədri, məhbus Mövsüm Səmədovun şikayəti üzrə qərarını elan edib. Novator.az bildirir ki, qərara əsasən, məhkəmə Mövsüm Səmədova Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu bəyan edib və Azərbaycan dövlətinə 4 min avro təzminat cəzası kəsib.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
Müdafiəçilərinin fikrincə, Mövsüm Səmədovun həbsi siyasi xarakterlidir və əsasən 2011-ci il yanvarın 2-də partiyanın Baş Məclisində çıxışı ilə bağlıdır. Mövsüm Səmədov həmin çıxışında məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən partiya lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.