İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə kontakt qrupu sentyabrın 23-ü Nyu-Yorkda iclas keçirib. Mfa.gov.az-ın məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov çıxışında deyib ki, Azərbaycan Ermənistanın baş naziri Nikol Paşinyanın 5 avqust 2019-cu ildə işğal altındakı ərazilərə qanunsuz səfəri zamanı Dağlıq Qarabağı Ermənistan ərazisi kimi elan edən məsuliyyətsiz bəyanatından ciddi narahatdır və bunu qəti şəkildə rədd edir: “Çıxışında Paşinyan günahsız insanların qətliamına, bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qalmasına və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüquqlarından məhrum olmasına səbəb olan münaqişənin nəticələrini məmnunluqla dilə gətirib. O həmçinin utanmazcasına ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqların məqsədini “müharibənin… nəticələrini qorumaq” kimi xarakterizə edərək təhrif edib. Bu addım Ermənistan hökumətinin müxtəlif üzvlərinin səsləndirdiyi “Azərbaycana bir qarış torpağın qaytarılmaması” və “yeni ərazilər üçün yeni müharibə” kimi təxribatçı bəyanatların, habelə etnik təmizləməyə məruz qalmış Azərbaycan ərazilərinə ermənilərin məskunlaşdırılması və işğal olunmuş ərazilərin təbii sərvətlərinin qeyri-qanuni istismarı üzrə fəaliyyətin davamı kimi atılıb.
Ermənistan rəsmilərinin son təxribatçı bəyanatları və hərəkətləri sübut edir ki, hazırkı hökumət beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozulması məsuliyyətsiz yolunu davam etdirir.
Təəssüf ki, ATƏT çərçivəsində aparılan vasitəçilik səyləri bu günə qədər bir nəticə verməyib. Atəşkəs rejiminə baxmayaraq Azərbaycanda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin cəbhə xətti boyunca yerləşən şəhər və kəndlərə və iki dövlət arasındakı sərhədə Azərbaycan hərbçilərinin və mülki şəxslərin öldürülməsi və yaralanması ilə nəticələnən hücumlar davam edir.
Ermənistan ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlarda iştirak etmək əvəzinə işğal və etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi üçün vaxt qazanmaq üçün Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə dair öhdəliyindən sui-istifadə edir və danışıqlar prosesini ləngitmək və həll yolundan qaçmaq üçün hər fürsətdən yararlanır.
Azərbaycan hökuməti hesab edir ki, qaydalara əsaslanan beynəlxalq düzəni dəstəkləmək öhdəliyi daşıyan beynəlxalq ictimaiyyət Ermənistan hökumətinə heç bir cəzasızlıq hissi və münaqişəni uzatmaq üçün hər hansı bir fürsət verməməlidir.
Ermənistanın məsuliyyətsiz davranışı fonunda sülh danışıqlarının gələcəyi beynəlxalq birliyin, o cümlədən islam ümmətinin bacarıq, istək və qətiyyətindən asılıdır”.
Həmin gün Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla bir araya gəlib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Skofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak ediblər.
Nazirlər indiyəcən daha 7 dəfə görüşüblər. Onlar 2018-ci il iyulun 11-i Brüsseldə, sentyabrın 26-sı Nyu-Yorkda, dekabrın 5-i Milanda, bu il yanvarın 16-sı Parisdə, martın 28-i Vyanada, aprelin 15-i Moskvada, iyunun 20-si Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.