Azərbaycanın işğal olunmuş torpaqlarında seçki adı verilmiş növbəti qanunsuz əməliyyat başa çatıb. Novator.az-ın məlumatına görə, sentyabrın 8-də Dağlıq Qarabağ rejimi “bələdiyyə seçkiləri” keçirib. Əməliyyat 228 icmanı, o cümlədən Şuşa, Laçın və Kəlbəcər rayonlarının ərazisini əhatə edib.
Bölgənin baş şəhəri Xankəndidə partiyasız iş adamı David Sərkisyanın “mer” seçildiyi xəbər verilir.
İşğalçı rejim 28 il əvvəl qurulub.
1988-ci ilin fevralında ermənilər Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Parlament tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırıb. Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib.
Ermənilər 1994-cü ilin mayında atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını ələ keçirib.
8 sentyabr əməliyyatı işğalçı rejimin 1991-ci ildən bəri keçirdiyi 7-ci “bələdiyyə seçkiləridir”. 1991-ci ildən bəri “parlament seçkisi” adlı 6, “prezident seçkisi” adlı 5, “referendum” adlı 3 tamaşa da oynanıb.