İntiqam Əliyevin yeni romanının təqdimatı keçirilib
- 09 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Hüquq müdafiəçisi İntiqam Əliyevin “Əclafın ölümü” adlı yeni romanının təqdimatı keçirilib.
“Turan”ın məlumatına görə, sentyabrın 8-də keçirilən təqdimatda vətəndaş cəmiyyətinin nümayəndələri, vəkilllər, jurnalistlər, gənc fəallar iştirak ediblər.
“Əclafın ölümü” romanı İntiqam Əliyevin ikinci romanıdır. Onun “Meydan” adlı ilk romanı 2018-ci ildə nəşr edilib.
“Əclafın ölümü” romanının baş qəhrəmanı hakimiyyətin basqılarına məruz qalan jurnalistləri, ictimai-siyasi fəalları müdafiə edən az sayda mübariz vəkillərdən biridir. O, ölkəni idarə edənlərin ünvanına tez-tez sərt tənqidlər səsləndirir. Vəkilin özünü həbsə atırlar. Öz ölkəsində və xaricdə onun müdafiəsi üçün kampaniyalar təşkil olunur, ən nüfuzlu mükafatlara layiq görülür, öz ölkəsindən çox-çox uzaqlarda da mübarizə simvollarından birinə çevrilir.
Beş illik həbsdən sonra, nəhayət, o, azadlığa buraxılır və daha böyük enerji ilə mübarizəyə atılır. Bu dəfə tam fərqli cəbhədə – vaxtilə çiyin-çiyinə dayandığı, keçmiş əqidə yoldaşlarına qarşı…
İntiqam Əliyev qeyd edib ki, onun qəhrəmanının, daha doğrusu, anti-qəhrəmanının prototipi konkret bir insan deyil, bütünlükdə siyasi sistemdir.
Müəllif bildirib ki, onun romanı avtoritar idarəçilik şəraitində cəmiyyətdə baş verən deqradasiya, ikiləşmə prosesləri barədədir. İntiqam Əliyevin sözlərinə görə, əsərin mahiyyəti onun devizində açıqlanır: “Kitab əclaflar barədə deyil, onları yetişdirən sistem barədədir”.
Əsər tanınmış vəkil, 2015-ci ildə ağır xəstəlikdən dünyasını dəyişmiş Elton Quliyevin xatirəsinə ithaf olunub.
Tədbirdə İntiqam Əliyev vurğulayıb: “Elton Quliyev və İsaxan Aşurovun – bu məşhur vəkillərin, gözəl insanların ölümü bizim vaxtsız və yeri doldurulmayan itkilərimizdir”.