Qiyas İbrahimova xəbərdarlıq edilib
- 04 Aprel 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Aprelin 3-də gənc fəal Qiyas İbrahimov Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib.
“Turan”ın məlumatına görə, burada onunla profilaktik xarakterli söhbət aparılıb. Qiyas İbrahimov jurnalistlərə deyib ki, idarəyə çağırılmasına “Facebook” şəbəkəsində yazdığı, dostu Bayram Məmmədovun 30 gün müddətinə həbs edilməsini pisləyən fikirləri səbəb olub.
Həmin yazıda Qiyas hakimiyyəti tənqid edib. Polis onun yazısında dövlət başçısının təhqir olunduğunu bildirib və buna görə gənc fəala xəbərdarlıq edilib.
Qiyas İbrahimovla Bayram Məmmədov 2016-cı il mayın 10-dan həbsdə olublar. Həmin il Bakı Ağır Cinayətlər Məhkəməsi onları külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.
Müdafiəçiləri onların həbsini siyasi sifariş sayıb. Onlar bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.
2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Martın 30-da Bayram Məmmədova 30 sutka inzibati həbs verilib. O, polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilib.