Barışıq qanununda nələr var?
- 04 Aprel 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Dövlət başçısı İlham Əliyev “Mediasiya haqqında” qanunu imzalayaraq tətbiqinə fərman verib. Novator.az-ın məlumatına görə, qanunla mediasiya bunlar üzrə tətbiq edilir: mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
2020-ci il iyulun 1-dən başlayaraq iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, mediasiya qapalı keçirilir.
Barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla mediasiya zamanı əldə olunan bütün məlumatların konfidensiallığı qorunur. Konfidensiallıqla bağlı qaydaların pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Mediator olmaq istəyən fiziki şəxs ali təhsilli olmalı; 25 yaşı tamam olmalı; ən azı 3 illik iş stajına malik olmalı; mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək sertifikat əldə etməlidir.
Məhkəmənin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab etdiyi; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan; məhkumluğu ödənməmiş və ya götürülməmiş şəxslər mediator ola bilməz.
Mediasiya təşkilatı mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən hüquqi şəxsdir.
Hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir.
Mediatora qarşı bu intizam məsuliyyəti tədbirləri tətbiq edilir: xəbərdarlıq; töhmət; 1 aydan 6 ayadək müddətə mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması. İntizam tədbirləri Mediasiya Şurasının qərarı ilə rəsmiləşir.
Qanunun tətbiqi ilə bağlı prezident fərmanına əsasən, Nazirlər Kabineti Mediasiya Şurasının yaradılmasına dövlət dəstəyinin göstərilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlamalıdır.