Mərkəzi Bankdan 500 avro açıqlaması
- 12 Dekabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Dekabrın 12-də Mərkəzi Bank 500 avroluq pul nişanı ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Avropa Mərkəzi Bankı 4 may 2016-cı ildə 500 avroluq əsginazın istehsalını dayandırmaq və 2018-ci ilin sonundan təkrar tədavülə buraxmamaq qərarı qəbul edib. Almaniya və Avstriya mərkəzi bankları 26 aprel 2019-cu ildən, avro zonasına daxil olan digər mərkəzi banklar 26 yanvar 2019-cu ildən 500 avroluq pul nişanının təkrar tədavülə buraxılmasını dayandıracaq.
Buna baxmayaraq həmin tarixlərdən sonra 500 avroluq pul nişanının tədavüldə qanuni pul vahidi kimi qalacağı, ödəniş və yığım vasitəsi kimi istifadəsinin davam edəcəyi qərara alınıb. Eyni zamanda 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əsginazlar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq avro sisteminə daxil olan mərkəzi banklarda dəyişdiriləcəyi qeyd olunub”.
Avro nağdsız dövriyyəyə 1999-cu ildə buraxılıb, 2002-ci ildən isə real pul vahidi kimi işlədilir. Zonaya Almaniya, Avstriya, Belçika, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan və başqa ölkələr daxildir.