Tapşırıqlar, xəbərdarlıqlar
- 10 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
“Vergidən yayınmaya son qoyulmalıdır”. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 9 oktyabr iclasına yekun vurarkən belə deyib. O qeyd edib ki, vergi və gömrük sistemində islahatlar böyük dəyişikliyə, müsbətə doğru dəyişikliklərə səbəb olur: “İslahatlar davam etdirilməlidir. Bu gün sahibkarları, ictimaiyyəti narahat edən vergi və gömrük sahəsində işlərlə, məsələlərlə bağlı bütün lazımi addımlar atılmalıdır ki, xoşagəlməz hallara son qoyulsun.
Gömrük orqanları bu il 800 milyon manatdan çox əlavə vəsait toplayıb. Mən bunu yüksək qiymətləndirirəm. Əminəm ki, ilin sonuna qədər bu məbləğ daha da artacaq. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, idxal artır və idxalın artımı da sənayenin inkişafı ilə bağlıdır. Nəzərə alsaq ki, ixrac idxalı böyük dərəcədə üstələyir, biz idxalın artımına müsbət hal kimi yanaşmalıyıq. Bizim xarici ticarətimizin müsbət saldosu 9 ayda 6,5 milyard dollar təşkil edir. Bilirəm, bəziləri hesab edir ki, idxalın artımı müəyyən problemlər yarada bilər. Təbii ki, bu belədir. Amma o təqdirdə ki, ixracımız artmasın. İxracımız idxaldan daha yüksək templərlə artır. Əgər altı ay ərzində 6,5 milyard dollar müsbət saldomuz varsa, deməli, ilin sonuna qədər bu daha da artacaq. İdxalın artımı sənayenin inkişafı ilə bilavasitə bağlı olan məsələdir, insanların rifah halının yaxşılaşması ilə bağlıdır. Gömrük rüsumlarının artırılmasının səbəblərindən biri də məhz idxalın artımıdır. Ancaq eyni zamanda deməliyəm ki, digər amillər də müsbət rol oynayır. O cümlədən struktur islahatları, şəffaflıq, korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə gömrük orqanlarında 800 milyon manatdan çox əlavə vəsaitin toplanmasına səbəb olub.
Vergi orqanlarında da ciddi struktur islahatları aparılır. Bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçib. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq.
Uçot sisteminin yaradılması prioritet məsələlərdən biridir. Mən əvvəlki illərdə də bu məsələni dəfələrlə qoymuşdum. Ancaq əfsuslar olsun ki, biz müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına çata bilməmişik. İndi bu sistem yaradılır. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün də praktiki addımlar atılır. Hesab edirəm ki, biz doqquz ayda vergilərin bu səviyyədə toplanmasına, – nəzərə alsaq ki, əvvəlki illərdə bu sahədə çox böyük pozuntular olub, – vergi orqanlarının çox fəal və məqsədyönlü fəaliyyəti nəticəsində nail ola bilmişik.
Şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir, struktur islahatları davam etdirilməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaq. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıb. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar. Vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Mən göstəriş vermişəm ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq edilməlidir. Bu istiqamətdə işlər gedir”.
Sosial məsələlərə toxunan dövlət başçısı məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində olduğunu vurğulayıb: “Artıq 100-dən çox şəhərcik salınıb. Bu il əlamətdar hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün böyük şəhərcik salıb, Qobu qəsəbəsində mindən çox mənzil inşa edilib və köçkünlərə təqdim olunub. Mən bunu çox alqışlayıram. Hesab edirəm ki, bu proses Azərbaycanda vüsət almalıdır. Bizim iri şirkətlərimiz, böyük maliyyə imkanlarına malik olan şirkətlər var. Onlar gərək sosial məsuliyyətlərini göstərsinlər.
Bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. Doqquz ayda 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə – təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq.
Amma eyni zamanda biz bu sahədə də çox ciddi islahatlar aparmalıyıq, uçot aparılmalıdır, şəffaflıq təmin edilməlidir. Çünki əfsuslar olsun ki, bu gün belə deyil. Bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır. Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş ilk növbədə mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir. Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır. Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək”.
Prezident ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün işlərin görüldüyünü deyib: “İlk növbədə neftlə çirklənmiş ərazilər təmizlənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq göstəriş verilib, vəsait ayrılıb. Abşeron yarımadasında neftlə çirklənmiş yerlər tam təmizlənəcək, həmin yerlərdə bağlar, yaşıllıqlar, göllər salınacaq. Bu işlər gedir, gələn il də nəzərdə tutulur. Xəzərin sahilində yeni təmizləyici qurğuların yaradılması istiqamətində işlər gedir. Burada da vəziyyət bizi tam qane edə bilməz. Havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edilib. Axsam saatlarında Bakı şəhərini tüstü bürüyür. Şadlıq evlərində tüstü təmizlənmədən havaya sovrulur. Ona görə çox ciddi xəbərdarlıq edilib, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq. Mən tapşırmışam ki, bunun üçün hüquqi əsaslar hazırlansın. Bildiyimə görə, birinci xəbərdarlıqdan sonra bir çox məişət obyekti təmizləyici qurğuları quraşdırmağa başlayıblar. Onların hamısına məsləhətim ondan ibarətdir ki, bu işi tezləşdirsinlər. Çünki ikinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı. Ona görə tezliklə bütün böyük-kiçik məişət obyektlərində havanı çirkləndirən, havaya tüstü, kanserogen buraxan obyektlərdə təmizləyici qurğular quraşdırılmalıdır, müvafiq qurumlar monitorinq aparmalıdır. Mən Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verdim ki, mənə dərhal məlumat verilsin və dərhal ölçü götürüləcək.
Ağacların kəsilməsi halları azalıb, amma tam aradan qaldırılmayıb. Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün.
Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq sərəncam imzalanıb. Yəni bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək.
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub”.